Peru prezidenti etirazçılarla danışığa hazır olduğunu bildirdi

 13:15 20.01.2023     304

Peru prezidenti Dina Boluarte həmvətənlərinə televiziya ilə müraciətində istefasını tələb edən etirazçılarla dialoqa hazır olduğunu deyib.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, onun müraciəti yanvarın 19-da axşam saatlarında, o cümlədən Limada baş verən kütləvi etirazlar günü yayımlanıb.

"Dialoqdan imtina etmək fikrində deyiləm. Tələb edənlər üçün, ölkə naminə çalışaq deməkdən yorulmayacağam",- deyə o qeyd edib.

O əlavə edib ki, etiraz aksiyaları zamanı vandalizm aktlarında görünənlərin hamısı cəzalandırılacaq.

Boluarte istefa vermək planları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları da təkzib edib.

Xatırladaq ki, prezident Pedro Kastilyonun istefasından sonra ölkədə dekabrın əvvəlində etirazlar başlayıb. Onun tərəfdarları əvvəllər ölkənin vitse-prezidenti olmuş Boluartenin istefasını, həmçinin parlamentin buraxılmasını və növbədənkənar ümumi seçkilərin keçirilməsini tələb edirlər.

Həmidə İbrahimova