Türkiyə İsveç müdafiə nazirinin ölkəyə səfərini ləğv etdi - "Artıq mənası yoxdur"

 11:47 21.01.2023     506

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isveçli həmkarının yanvarın 27-də ölkəyə səfərinin “artıq mənası yoxdur” deyə, ləğv edildiyini bildirib.

Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Qeyd edilib ki, İsveçin müdafiə naziri Paul Jonsson Ankarada Stokholmun Türkiyənin hələ də ratifikasiya etmədiyi NATO-ya üzvlük ərizəsini müzakirə etməyi planlaşdırırdı.

"Bizim gəldiyimiz mərhələdə İsveç müdafiə naziri Jonssonun yanvarın 27-də Türkiyəyə səfərinin əhəmiyyəti və mənası yoxdur. Ona görə də səfəri ləğv etdik" - Habertürk TV Akarın sözlərini sitat gətirib.

Xatırladaq ki, bundan əvvəl Stokholmda PKK terror təşkilatının tərəfdarlarının mitinqi keçirilib, aksiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına bir sıra təhqiramiz ifadələr və jestlər edilib. Bu hadisələrdən sonra Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarının Ankaraya planlaşdırılan səfərini ləğv edib. Türkiyə prezidentinin vəkili aksiya ilə bağlı Ankara Baş Prokurorluğuna ərizə ilə müraciət edib və cinayət işi başlanıb. İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, PKK-nın fəaliyyəti Ankaranın İsveçin NATO-ya daxil olması üçün müraciətinin ratifikasiyası prosesini çətinləşdirə bilər.

Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizəni NATO-nun baş katibinə təqdim ediblər. Əvvəlcə Ankara bu müraciətlərə baxılmasına mane oldu, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan üçtərəfli təhlükəsizlik memorandumu imzaladılar. Türkiyə iki ölkənin NATO-ya üzv olmasına etirazını geri götürüb. Oktyabrın 6-na olan məlumata görə, Türkiyə və Macarıstan istisna olmaqla, 30 ölkədən 28-i şimal ölkələrinin NATO-ya qəbulu ilə bağlı artıq müsbət qərar qəbul edib.

Turan ASLAN