Qurbanqulu Berdiməhəmmədova "ümummilli lider" statusu VERİLDİ

 11:20 23.01.2023     563

“Türkmən xalqının ümummilli lideri haqqında” konstitusiya qanunu eks-prezident Qurbanqulu Berdiməhəmmədov və onun ailə üzvlərinə toxunulmazlıq hüququ və bir sıra digər imtiyazlar verib.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, yanvarın 21-də Türkmənistan parlamentinin - Milli Genqeşin birgə iclası keçirilib və orada eks-prezident Qurbanqulu Berdiməhəmmədova "ümummilli lider" statusunun verilməsi qərara alınıb.

Qanun ümummilli liderin və onun ailə üzvlərinin dövlət himayəsinin təmin edilməsini, fəaliyyətinin həyata keçirilməsi üçün dövlət tərəfindən şəraitin təmin edilməsini, hüquq və azadlıqlarının, həyatının, şərəf və ləyaqətinin qorunmasını da nəzərdə tutur. Həmçinin türkmən xalqının ümummilli liderinə xidməti, mənzil-məişət, sosial, nəqliyyat, rabitə, tibbi, sanatoriya və digər xidmətlərin göstərilməsi, maddi təminatı səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir.

Qeyd olunur ki, ümummilli liderin qanuni fəaliyyətinə mane olmaq, onu alçaltmaq, şərəf və ləyaqətinə zidd hərəkətlər etmək məsuliyyətə səbəb olur.

Bu qanunla nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Türkmənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.

Həmidə İbrahimova