Rusiya Estoniya səfirini qovdu

 13:57 23.01.2023     383

"Rusiya Tallinndəki səfirliyinin sayının əhəmiyyətli dərəcədə azalmasına cavab olaraq, eləcə də Moskva ilə bütün münasibətlər kompleksinin məhv edilməsi fonunda Estoniya ilə diplomatik səviyyəni aşağı salır".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Estoniya Rusiyanın Tallinndəki səfirliyinin miqyasını kökündən azaltmaq üçün yeni qeyri-dost addım ataraq ölkələrimiz arasında münasibətlərin pozulmasına dair xətti təsdiqləyib. Buna cavab olaraq Rusiya tərəfi hər iki ölkədə diplomatik nümayəndəliyi müvəqqəti işlər vəkili səviyyəsinədək aşağı salmaq qərarına gəlib”, - bəyanatda deyilir.

Bununla bağlı yanvarın 23-də Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı səfiri Marqus Laidreni çağırıb. Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı ona kəskin etiraz edilib.

"Estoniya Respublikasının səfiri 2023-cü il fevralın 7-də Rusiya Federasiyasını tərk etməlidir", - bəyanatda vurğulanıb.

Departamentdə qeyd edildiyi kimi, Estoniya hakimiyyəti son illərdə Rusiya ilə münasibətlərin bütün spektrini məqsədyönlü şəkildə məhv edir.

“Total rusofobiya, ölkəmizə qarşı düşmənçiliyin aşılanması Tallin tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırılıb”, - deyə nazirlik bildirib:

“Rusiya ilə Estoniya arasında münasibətlərdə belə vəziyyətin yaranmasına görə bütün məsuliyyət tamamilə Estoniya tərəfinin üzərinə düşür. Biz Estoniya rəhbərliyinin düşmən addımlarına cavab verməyə davam edəcəyik”.

Tunar Altunbay