Ukrayna rusiyalı deputatları mühakimə edəcək - Siyahıda spiker də var

 15:24 23.01.2023     321

Ukraynada Rusiya Federasiyası Dövlət Dumasının 55 deputatı, o cümlədən Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qiyabi mühakimə olunacaq. Onlar Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunurlar.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, məlumatı Ukrayna Təhlükəsizlik Xidməti yayıb.

“Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Dövlət Dumasının 55 deputatının təqsirinə dair təkzibolunmaz sübutlar toplayıb”, - məlumatda deyilir.

Deputatlar 2022-ci il fevralın 15-də qondarma “Donetsk Xalq Respublikası”nın və “Luqansk Xalq Respublikası”nın müstəqilliyinin tanınması xahişi ilə Rusiya prezidentinə müraciət etmək qərarına dəstək verməkdə, sonra isə fevralın 22-də qanunun ratifikasiyasına səs verməkdə təqsirləndirilirlər.

“Toplanmış sübutlar əsasında müstəntiqlər təqsirləndirilən şəxslərə Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 3-cü hissəsinə (Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd) əsasən şübhələr barədə məlumat veriblər”, - deyə açıqlamasında bildirilir.

Qeyd olunur ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Dövlət Dumasının 55 deputatına, o cümlədən Nikolay Valuyev, Mariya Butina, Vyaçeslav Volodin, Mixail Avdeyev, Olqa Alimova, Sergey Burlakov, Vladimir Burmatov, Oleq Qarin, Arkadi Ponomarev, Vladislav Reznik, Petr Ammosov, Anatoli Aksakova qarşı ittiham aktlarını məhkəməyə göndərib.

Tunar Altunbay