Keçmiş FTB zabiti rus oliqarxla əməkdaşlığa görə saxlanıldı

 22:04 23.01.2023     380

ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş yüksək rütbəli zabiti Çarlz Makqoniqal sanksiyalar rejimini pozmaqda ittiham edilərək həbs edilib.

Redaktor.az "Reuters"ə istinadla bildirir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, rusiyalı milyarder Oleq Deripaskanı sanksiyalardan çıxarmağa çalışmaqda ittiham olunur.

Makqoniqal ilə birlikdə məhkəmə tərcüməçisi Sergey Şestakov da eyni ittihamlarla həbs edilib.

Ədliyyə Nazirliyinin məlumatında bildirilir ki, 2018-ci idən 2021-ci ilə qədər rus oliqarxlarına qarşı aparılan araşdırmalara nəzarət edən Şestakov və Makqoniqal ABŞ sanksiyalarını pozaraq rusiyalı biznesmenə xidmət göstəriblər.

Deripaskanın nümayəndəsi ilə danışıqlar zamanı iş üzrə təqsirləndirilən şəxslər rusiyalı iş adamının əməliyyatlarda iştirakını gizlətməyə çalışıblar.

O cümlədən elektron məktublarda birbaşa adını çəkməməklə, Deripaskadan ödənişlərin göndərilməsi və alınması üçün sənədlərdə saxta imzalardan istifadə edilib.

Makqoniqal ABŞ sanksiyalarını pozduğunu əvvəldən bilib, çünki FTB-də işlədiyi müddətdə Deripaskanın rus oliqarxlarının sanksiya siyahısına əlavə olunacağından xəbərdar olub.

Onların hər birini maksimum 20 il həbs cəzası gözləyir.

Qeyd edək ki, Makqoniqal 2018-ci ildə FTB-dən rəsmi olaraq təqaüdə çıxıb. Karyerası ərzində o, 2016-cı ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasının Kremllə əlaqəsi ilə bağlı aparılan istintaqda iştirakı ilə diqqət çəkib.

Tunar Altunbay