"Ukrayna Belarusa təcavüz etməmək haqqında pakt bağlamağı təklif edib" - Lukaşenko
Belarus lideri Aleksandr Lukaşenko ölkədə ictimai-siyasi vəziyyət və cinayətkarlığın vəziyyəti ilə bağlı keçirilən müşavirədə Ukraynanın Minskə təcavüz etməmək haqqında paktı bağlamağı təklif etdiyini bildirib.
Redaktor.az “Belta”ya istinadla xəbər verir ki, o, təklifin konkret kimdən alındığını açıqlamayıb.
"Ukraynalıların niyə belə etdiyini bilmirəm. Bir tərəfdən bizdən xahiş edirlər ki, heç bir halda Ukrayna ilə döyüşməyək, qoşunlarımız ora getməsin. Onlar təcavüz etməmək haqqında paktı imzalamağı təklif edirlər. Polşa, Litva, ümumiyyətlə, dəlidirlər. Bu, onların nəyinə lazımdır? Bu, aydın deyil”, - deyə Lukaşenko bildirib.
Qeyd edək ki, Ukrayna tərəfi hələlik bu məlumatı şərh etməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, “Kiyevin Minskə hücum etməmək paktı təklif etməsi barədə Kremldə məlumat yoxdur”.
Turan İSMAYIL