Niderlandın XİN rəhbəri "Quran"ı yandıranın müdafiəsinə qalxdı

 19:36 24.01.2023     432

"İfadə azadlığı mühüm dəyərdir və xoşagəlməz fikirlərə də aiddir".

Redaktor.az Niderland Yayım Korporasiyası "NOS"a istinadla  xəbər verir ki, bunu çərşənbə axşamı Niderlandın xarici işlər naziri Vopke Hoekstra parlament binası qarşısında Quranı cıran aktivistin hərəkətlərini şərh edərkən deyib.

Nazir belə hərəkətlərin təxribat və təhqiredici tərəfini anladığını vurğulasa da, əlavə edib ki, ifadə azadlığı mühüm dəyərdir: 

"Və bu azadlıq xoşagəlməz fikirlərə də aiddir".

Qeyd edək ki, Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada tək başına keçirdiyi aksiyada Quran kitabını cıraraq yandırıb. O, öz hərəkətlərini ölkədə icazə verilməli olan ifadə azadlığı adlandırıb.

Onun bu addımı Niderlandda diqqətdən kənarda qalsa da, tez bir zamanda Türkiyənin sosial mediasına yayıldı. Nəticədə, çərşənbə axşamı Niderlandın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz edilib və bu cür təxribatların yolverilməzliyinə işarə edilib.

Tunar Altunbay