AŞPA Putin və Lukaşenko üçün tribunal yaradılmasını DƏSTƏKLƏDİ

 16:39 26.01.2023     448

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya və Belarusun ali siyasi və hərbi rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılmasını tələb edən qətnaməni dəstəkləyib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Ukraynanın xalq deputatı Aleksey Qonçarenko özünün Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, tribunalın keçiriləcəyi yer kimi Haaqa təklif olunur.

“İndicə Rusiya və Belarusun hərbi-siyasi rəhbərliyi üzərində dərhal beynəlxalq tribunal yaradılmasını tələb edən qətnamə yekdilliklə dəstəkləndi", - deyə o, bildirib.

Xatırladaq ki, yanvarın 19-da Avropa Parlamenti Rusiyanın ali rəhbərliyi, xüsusən də Prezident Vladimir Putin üçün ukraynalılara qarşı cinayətlər və təcavüzə görə tribunal yaradılması haqqında qətnaməyə səs verib. 427 deputat sənədin lehinə, 19-u əleyhinə, 33-ü isə bitərəf qalıb.

Qətnamədə həmçinin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun və Belarus rəhbərliyinin bir dövlət kimi Rusiyanın Ukraynaya qarşı müharibə apardığı ərazidə dəstəyinə görə məsuliyyətə cəlb edilməsinə də toxunulur.

Turan İSMAYIL