İsrail müdafiə naziri orduya hazırlıq əmri verdi

 19:01 26.01.2023     377

İsrailin müdafiə naziri Yoav Qalant cümə axşamı İordan çayının qərb sahilinin Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatından sonra təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün iclas keçirib.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə İsrail Müdafiə Nazirlyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, nazir hərbçilərə Qəzza zolağı ilə sərhəddə və ölkənin bütün digər sərhədlərində, eləcə də İordan çayının qərb sahilində müdafiə tədbirlərini gücləndirməyi tapşırıb.

Baş Qərargah rəisi, Baş Təhlükəsizlik Xidmətinin rəisi və müdafiə strukturlarının bir sıra digər nümayəndələri ilə görüşdə nazirə mövcud təhlükəsizlik vəziyyəti, xüsusən də Cenindəki vəziyyət barədə məlumat verilib.

Qalant İsrail təhlükəsizlik qüvvələrinin bu şəhərdəki hərəkətlərini yüksək qiymətləndirib və  müdafiə strukturlarına hadisələrin mümkün inkişafını nəzərə alaraq, hazırlığı artırmaq barədə göstəriş verib.

Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələri terror aktlarında iştirak edən və yeni hücumlar planlaşdıran “İslami Cihad” radikal qruplaşmasının yaraqlılarına qarşı "Cenin" qaçqın düşərgəsində əməliyyat keçirib.

Əməliyyat zamanı 6 ərəb terrorçu zərərsizləşdirilib.

İsrail tərəfdən itki yoxdur.

Tunar Altunbay