"Ukraynadakı münaqişəni bir günə həll edərəm" - Tramp
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, əgər o, hazırda Amerika administrasiyasının rəhbəri postunda olsaydı, 24 saat ərzində Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola bilərdi.
Redaktor.az xəbər verir ki, bu barədə Tramp öz sosial şəbəkəsində - "Truth Social"dakı paylaşımında qeyd edib.
Bundan əvvəl Tramp ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan edib ki, Kiyevə milyonlarla dollarlıq yardım göndərilməməli, münaqişəyə sövdələşmə ilə son qoyulmalıdır.
Tramp həmçinin ABŞ-ın hərəkətlərinə görə Ukraynadakı münaqişənin dünya müharibəsinə gətirib çıxara biləcəyini iddia edib.
Qeyd edək ki, Entoni Blinkenin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib ki, ABŞ administrasiyası Ukrayna ilə bağlı ciddi danışıqlarda Rusiyaya qarşı müəyyən sanksiyaların yumşaldılmasını nəzərdən keçirməyə hazırdır. Eyni zamanda, o vurğulayıb ki, ABŞ Kiyevin Rusiyanın işğal etdiyi ərazilərə nəzarəti bərpa etməsini təmin etmək istəyir.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski buna cavab olaraq qeyd edib ki, Nulandın mesajı Moskva üçün qəbuledilməzdir, çünki tarixi qərarlar məhdudiyyətlərə yenidən baxılması vədinə çevrilə bilməz.
Tunar Altunbay