Tehranın polis rəisi işdən ÇIXARILDI

 16:23 27.01.2023     656

Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra tutduğu vəzifəsindən azad edilib.

Redaktor.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, onu İran polis rəisi Əhməd Rza Radan vəzifəsindən azad edib.

Bildirilib ki, Abbas Əli Məhəmmədian Tehranın yeni polis rəisi təyin olunub. S.H.Rəhimi isə İqtisadi Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Qeyd edək ki, Tehran polisinin rəisi Hüseyn Rəhimi hücum edən şəxsin iki azyaşlı uşağı ilə səfirliyə daxil olduğu barədə açıqlama vermişdi. Guya atəş açan şəxs ailə problemləri və şəxsi məsələlərə görə hücum etdiyini bildirib. Lakin görüntülərdən də məlum olur ki, terrorçunun yanında heç kəs olmayıb və hadisə düşünülmüş, planlaşdırılmış terror hadisəsidir. Bunlar Tehran polis rəisinin yalan danışdığını bir daha sübut edir.