""Vaqner"ə qəbul edilən məhbusları Putin şəxsən əfv edib" - Peskov

 18:18 27.01.2023     440

Kreml etiraf edib ki, Rusiya prezidenti Vladimir Putin “Vaqner Qrupu” tərəfindən Ukraynaya qarşı müharibədə iştirak etmək üçün cəlb edilmiş məhkumları əfv edib.

Redaktor.az "Financial Times"ə istinadla xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov mediaya şərhində bildirib.

Peskovun sözlərinə görə, məhbuslar “Rusiya qanunlarına ciddi şəkildə uyğun olaraq” əfv olunublar. O qeyd edib ki, yalnız prezidentinməhbusları əfv etmək səlahiyyəti var.

Peskov ictimaiyyətə bu barədə müvafiq sənədlərin açıqlanmamasının səbəbini  “açıq fərmanlar var və “məxfi” işarəsi olan fərmanlar var” deməklə izah edib.

Putinin mətbuat katibi silahlı quldurluqda təqsirli bilinən və hazırda Putindən medal alan vaqnerçilərdən birini döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə tərifləyib.

Peskov ABŞ Maliyyə Nazirliyinin bir gün əvvəl Vaşinqtonun “transmilli cinayət təşkilatı” kimi tanıdığı Vaqner Qrupuna qarşı ittihamlarını da rədd edib. Peskovun sözlərinə görə, ABŞ bu təşkilatı “şeytanlaşdırır” və 0, ittihamları “əsassız” adlandırıb.

Qeyd edək ki, ABŞ hökuməti Priqojinin “Vaqner Qrupu”nu beynəlxalq cinayət təşkilatı kimi rəsmən tanıyıb və ona və onunla əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Amerika Müharibənin Tədqiqi İnstitutunun fikrincə, Amerika hakimiyyətinin qərarı "Vaqner Qrupu"nun Rusiyadan və onun Ukraynanın işğal olunmuş ərazilərindən kənarda fəaliyyətini xeyli çətinləşdirəcək.

Yevgeni Priqojin özü isə yaratdığı qruplaşmanın niyə cinayətkar təşkilat sayıldığını anlamadığını deyib və ABŞ-dan izahat tələb edib.

Tunar Altunbay