Almaniya vətəndaşlarını Türkiyədə mümkün terror aktları ilə bağlı xəbərdar etdi
Almaniyanın Türkiyədəki səfirliyi ABŞ və Fransanın diplomatik nümayəndəliklərinin ardınca Avropada "Qurani-Kərim"in təhqir edilməsindən sonra bu ölkədəki vətəndaşlarına Türkiyədə mümkün terror aktları barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın Türkiyədə səfirliyinin "Twitter"də dərc olunmuş bəyanatında deyilir.
"Təhlükəsizlik xidmətinin sözlərinə görə, İsveçdə "Qurani Kərim"ın yandırılması ilə bağlı insidentdən sonra Türkiyədə terror aktları təhlükəsi artır. Bununla əlaqədar, Türkiyədə qalan Almaniya vətəndaşlarına ictimai yerləri ziyarət edərkən maksimum diqqət və sayıq olmaları, insanların çoxluğundan, həmçinin ibadət mərasimlərinin keçirildiyi yerlərdən uzaq durmaları tövsiyə olunur",- məlumatda bildirilir.
Oxşar xəbərdarlıqlar ABŞ və Fransa səfirlikləri tərəfindən də edilib.
Türkiyənin Kopenhagendəki səfirliyində Qurani-Kərimi təhqir edən yeni aksiyadan sonra Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz edilib.
Bundan əvvəl Türkiyə və İsveç arasında yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı böyük qalmaqal yaranıb. Bunun ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Ankaranın NATO-ya üzv olmaq ərizəsinə dəstək verməsini gözləməməlidir.
Tunar Altunbay