"Balıq ovuna tez bir zamanda başlansın" - Yaponiya Rusiyadan tələb etdi

 11:01 30.01.2023     386

Yaponiya hakimiyyəti Rusiya Federasiyasının Kuril adaları yaxınlığındakı Rusiya iqtisadi zonasında yapon balıqçılarının balıq ovu ilə bağlı məsləhətləşmələrin əlaqələndirilməsi məsələsində mövqeyini qəbuledilməz adlandırıb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
"Rusiya tərəfinin belə bir addım atması qəbuledilməzdir. Biz Rusiya tərəfini hökumətlərarası məsləhətləşmələrə ən qısa zamanda cavab verməyə çağırırıq ki, balıq ovuna tez bir zamanda başlansın",- deyə o qeyd edib.

Yanvarın 29-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Tokionun anti-Rusiya tədbirləri səbəbindən balıqçılıqla bağlı məsləhətləşmələrin vaxtı ilə bağlı razılığa gəlmək mümkün deyil.

O, həmçinin vurğulayıb ki, Rusiya bu qərarla bağlı Yaponiya tərəfinin heç bir etirazını qəti şəkildə qəbul etmir.

Qeyd edək ki, Yaponiya və Rusiya 1998-ci ildə dəniz canlı ehtiyatlarının yığılması sahəsində müəyyən əməkdaşlıq məsələləri haqqında saziş imzalayıblar.

Həmidə İbrahimova