"Biz NATO-nun genişlənməsinin əleyhinə deyilik" - Çavuşoğlu

 13:31 30.01.2023     180

Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə ayrıca baxa bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Biz NATO-nun genişlənməsinin əleyhinə deyilik. Bizim tərəfimizdən Finlandiya və ya İsveçə qarşı heç bir əsaslı etiraz yoxdur, lakin onlar bizim narahatlığımızı nəzərə almalıdırlar. Bəli, biz onların müraciətlərinə ayrıca baxılması variantını da düşünürük. Bizim prezidentimiz deyib. İsveçlə bağlı Türkiyənin fərqli mövqeyi ola bilər”, - deyə “Habertürk” telekanalı nazirin sözlərindən sitat gətirib.

Çavuşoğlunun sözlərinə görə, ərizələrin bölünməsi ilə bağlı hələlik rəsmi qərar yoxdur. "Qəbul olunarsa, o zaman biz onları ayrıca nəzərdən keçirəcəyimizi gözləyirik. Düşünürəm ki, ölkələri problemli və daha az problemli ölkələrə bölmək ədalətli olardı. Amma bizim məqsədimiz bu dövlətləri bir-birindən ayırmaq deyil. Bizim mövqeyimiz istək və narahatlıqlarımızın necə yerinə yetirildiyinin obyektiv qiymətləndirilməsinə əsaslanır”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan etiraf edib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük iddialarına fərqli cavablar verə bilər. 

O qeyd edib ki, “lazım gələrsə, Ankara Finlandiya ilə bağlı başqa mesaj da verə bilər və sonra "İsveç şoka düşəcək". Lakin eyni zamanda, onun sözlərinə görə, Helsinki
Stokholmun "səhvlərini təkrarlamamalıdır".

Qeyd edək ki, bundan əvvəl Türkiyə ilə İsveç arasında Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı böyük qalmaqal yaranıb. Yanvarın 21-də sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Türkiyə diplomatik missiyasının qarşısında Quranı açıq şəkildə yandırıb. O, çıxışında Türkiyə Prezidenti Tayyib Ərdoğanı tənqid edib və Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib. Ərdoğan bildirib ki, Stokholmdakı bu və digər anti-Türkiyə hərəkətlərindən sonra İsveç Ankaranın NATO-ya üzv olmaq ərizəsinə dəstək verməsini gözləməməlidir. Türkiyənin Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri də analoji ruhda çıxış ediblər.

Hazırda İsveçin müraciətinin təsdiqi ilə bağlı proses dayandırılıb. İki ölkənin NATO-ya daxil olması üçün müvafiq qanun layihəsinin Türkiyə parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.

Turan İSMAYIL