"Yalandır, raketlərlə təhdid olmayıb" - Kremldən Consona REAKSİYA

 14:22 30.01.2023     243

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun fevralda telefon danışığında Rusiya Prezidenti Vladimir Putinin raketlərlə "təhdid" etdiyi barədə iddiaları yalandır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Cənab Consonun dedikləri doğru deyil. Daha doğrusu, yalandır", - deyə Kreml sözçüsü cavab verib.

Prezidentin mətbuat katibi həmin telefon danışığının məzmunundan xəbərdar olduğunu vurğulayıb. “Bir daha rəsmi şəkildə təkrar edirəm: bu yalandır, raketlərlə təhdid olmayıb.

Rusiya təhlükəsizliyinə çağırışlardan danışan prezident Putin qeyd edib ki, Ukrayna NATO-ya daxil olarsa, NATO və ya Amerika raketlərinin sərhədlərimizdə potensial yerləşdirilməsi istənilən raketin bir neçə dəqiqə ərzində Moskvaya çatması deməkdir.

Əgər bu keçid belə qəbul edilibsə, bu, çox yöndəmsiz bir vəziyyətdir”, - deyə o bildirib.

Qeyd edək ki, Britaniyanın “The Daily Telegraph” və “Daily Mail” qəzetləri bazar günü Britaniyanın keçmiş baş nazirinin iddialarla çıxış etdiyi “Putin Qərbə qarşı” sənədli filmindən Consonun sözlərini dərc edib.

"Bir anda o, məni hədələdi və şən bir şəkildə dedi: "Boris, səni incitmək istəmirəm, ancaq raketlə bir dəqiqə çəkəcək..." -  deyə Conson bildirib.

Turan İSMAYIL