Finlandiya prezidentindən Ərdoğanın NATO-ya üzvlüklə bağlı sözlərinə REAKSİYA

 14:46 30.01.2023     303

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya müraciətinin İsveçdən ayrı-ayrılıqda ratifikasiya olunması ilə bağlı səsləndirdiyi fikirlər respublika hakimiyyətinin İsveçlə birlikdə NATO-ya daxil olmaq niyyətinə təsir etmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö bazar ertəsi dərc olunan "Helsingin Sanomat" qəzetinə müsahibəsində bildirib.

"Bu şərhlər Türkiyənin dəyişkən ritorikasının nümunəsidir və indiki mərhələdə yalnız belə bir dəyərə malikdir. Ona görə də biz öz xəttimizə sadiq qalmağa davam edəcəyik" - o, deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin Helsinki və Stokholmun NATO-ya üzvlüyü ilə bağlı mövqeyi bütün danışıqlar dövrü ərzində “dəfələrlə dəyişib və təkamül edib”.

Niinistö həmçinin bildirib ki, Finlandiya Ərdoğanın bazar günü çıxışından sonra Prezident ofisi və Xarici İşlər Nazirliyi vasitəsilə dərhal Türkiyə ilə əlaqə saxlayıb.

“Biz artıq danışıqlar aparmışıq: mənim ofisim – Ərdoğanın müşaviri və Pekka Haavisto (Finlandiya xarici işlər naziri – red) Türkiyənin xarici işlər naziri ilə”, - o deyib.

Finlandiya prezidentinin sözlərinə görə, İsveçlə eyni vaxtda alyansa qoşulmaq respublika üçün vacibdir.

"Finlandiyanın NATO üzvlüyündən əldə edəcəyi faydanın bir hissəsi İsveçin də alyansa üzv olması ilə bağlıdır", - o vurğulayıb.

Onun sözlərinə görə, eyni zamanda bloka qoşulmaqla ölkələr birgə müdafiə siyasətini daha diqqətlə planlaşdıra və ümumi müdafiə infrastrukturunu inkişaf etdirə biləcəklər.

Xatırladaq ki, bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan etiraf edib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük iddialarına fərqli cavablar verə bilər. 

O qeyd edib ki, “lazım gələrsə, Ankara Finlandiya ilə bağlı başqa mesaj da verə bilər və sonra "İsveç şoka düşəcək". Lakin eyni zamanda, onun sözlərinə görə, Helsinki Stokholmun "səhvlərini təkrarlamamalıdır".

Qeyd edək ki, bundan əvvəl Türkiyə ilə İsveç arasında Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı böyük qalmaqal yaranıb. Yanvarın 21-də sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Türkiyə diplomatik missiyasının qarşısında Quranı açıq şəkildə yandırıb. O, çıxışında Türkiyə Prezidenti Tayyib Ərdoğanı tənqid edib və Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib. Ərdoğan bildirib ki, Stokholmdakı bu və digər anti-Türkiyə hərəkətlərindən sonra İsveç Ankaranın NATO-ya üzv olmaq ərizəsinə dəstək verməsini gözləməməlidir. Türkiyənin Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri də analoji ruhda çıxış ediblər.

Hazırda İsveçin müraciətinin təsdiqi ilə bağlı proses dayandırılıb. İki ölkənin NATO-ya daxil olması üçün müvafiq qanun layihəsinin Türkiyə parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.

Turan İSMAYIL