Qırmızı Xaç dünyanı yeni epidemiya təhlükəsinə hazır olmağa çağırdı
"Dünya mümkün yeni epidemiyalara hələ lazımi səviyyədə hazırlaşmayıb".
Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) hesabatında deyilir.
IFRC-nin məlumatına görə, üç illik COVID tədbirlərinə baxmayaraq, müxtəlif ölkələrin hökumətləri epidemioloji təhlükələrə cavab vermək baxımından 2019-cu ildən yaxşı vəziyyətdə deyil.
Federasiya həmçinin dünya ölkələrini 2025-ci ilə qədər səhiyyə xərclərini ÜDM-nin 1%-ə çatdırmağa çağırıb.
Həmçinin, COVID-19 pandemiyası kimi mümkün yeni böhranlara hazırlıq məqsədilə IFRC səhiyyə xidmətlərinə qeyri-bərabər çıxış probleminin həllini, pandemiya ilə mübarizə üçün daha ucuz və daha əlçatan vasitələrin işlənib hazırlanmasını, əhalinin sosial-iqtisadi problemlərinə diqqət yetirməyi tövsiyə edib. .
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, COVID-19 beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halı olaraq qalmaqda davam edir və onun yayılma səviyyəsi hələ də çox yüksəkdir.
Həmidə İbrahimova