Ermənistanda 15 əsgərin yanıb ölməsinə görə həbs edilənlərin sayı artır
Ermənistanın Qeqarkunik rayonunun Azat kəndindəki hərbi hissədə 15 əsgərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı daha bir zabit saxlanılıb.
Redaktor.az erməni mətbuatına istindla bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 31-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi, mayor M.S. Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə (vəzifə səhlənkarlığı, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) həbs olunub.
İstintaq zamanı M.S.-nin komandir və vəzifəli şəxs olmaqla yanğından mühafizənin təşkilinə, yanğınsöndürmə vasitələrinin daimi hazır vəziyyətinə, şəxsi heyətin yanğın təhlükəsizliyi qaydalarını öyrənməsinə, cavabdeh kimi öz xidməti vəzifələrində səhlənkarlıq göstərdiyinə dair kifayət qədər sübutlar əldə edilib.
O, üzərinə düşən vəzifələri yerinə yetirməmiş, o cümlədən hərbi hissəni yanğından mühafizə vasitələri ilə təmin etməmiş, nəticədə insanların ölümünə səbəb olmuşdur.
Xatırladaq ki, Qeqarkunik rayonunun Azat kəndində yanğın yanvarın 19-da saat 01:30 radələrində baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3 hərbçi yaralanıb. İstintaqın məlumatına görə, qəzaya səbəb isinmək üçün benzindən istifadə edilməsi olub.
Tunar Altunbay