ABŞ Cənubi Koreyanı qorumaq üçün nüvə silahlarından istifadə edəcək
Birləşmiş Ştatlar Cənubi Koreyanı qorumaq üçün adi və nüvə silahlarından istifadə etməyə sadiqdir.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Pentaqonun rəhbəri Lloyd Ostin Seulda Cənubi Koreyanın milli müdafiə naziri Li Conq Sop ilə birgə mətbuat konfransında bildirib.
"Koreya Respublikasının müdafiəsi ilə bağlı öhdəliyimiz sarsılmaz olaraq qalır. Birləşmiş Ştatlar adi və nüvə silahları, eləcə də raketdən müdafiə də daxil olmaqla, ABŞ-ın bütün hərbi imkanlarından istifadəni nəzərdə tutan müqaviləyə qətiyyətlə sadiqdir",- nazir bildirib.
Generalın sözlərinə görə, 2022-ci ildə Şimali Koreya “görünməmiş” sayda təxribat törədib. Onun sözlərinə görə, ABŞ Cənubi Koreya ilə birlikdə regionda sabitliyi pozan bu “təhlükəli hərəkətləri” pisləyir.
Ostin qeyd edib ki, Cənubi Koreyada 28 500 amerikalı hərbçi xidmət edir, bu, ABŞ-ın xaricdəki ən böyük hərbi kontingentlərindən biridir.
"Bu, bizim Koreya yarımadasında sülhün qorunmasına sarsılmaz sadiqliyimizi nümayiş etdirir. Son bir il ərzində ölkələrimiz əməkdaşlığın dərinləşdirilməsində mühüm uğurlar əldə ediblər", - Pentaqon rəhbəri əlavə edib.
Tunar Altunbay