Paşinyana silah gəzdirməyə icazə veriləcək

 13:29 01.02.2023     358

Ermənistan hakimiyyəti xüsusi dövlət mühafizəsi altında olan vəzifəli şəxslərə silah verilməsi məsələsini tənzimləmək istəyir.

Redaktor.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin təklif etdiyi layihə hüquqi aktların dərci üçün vahid internet saytında yerləşdirilib.
Mövcud qanunvericiliyə əsasən (“Silah dövriyyəsinin tənzimlənməsi haqqında” 2022-ci ildə qəbul edilmiş qanun) dövlət himayəsinə götürülən şəxslərin müəyyən növ xidməti silahları müvəqqəti almaq hüququ var.

Onlara silah və döyüş sursatı dövlət mühafizəsində olan şəxslərin müraciəti əsasında polis tərəfindən veriləcək.

Dövlət mühafizəsi altına alınan şəxsin səlahiyyətləri başa çatdıqdan sonra üç gün müddətində silah və döyüş sursatı polisə qaytarılmalıdır.

Ermənistanda hazırda dövlət mühafizəsinə götürülən şəxslər prezident, baş nazir və parlamentin sədridir.

Baş nazirin sərəncamı ilə bəzi digər dövlət vəzifəli şəxslərin də dövlət mühafizəsi təmin edilə bilər.