İsrailin baş naziri Ukraynaya “Dəmir günbəz” veriləcəyini istisna etməyib
İsrailin Baş naziri Benyamin Netanyahu “Dəmir günbəz” raket əleyhinə kompleksin Ukraynaya verilməsini istisna etmir.
Redaktor.az bu barədə "RBC-Ukrayna"ya istinadla xəbər verir.
Netanyahuya sual verən bir Amerika nəşrinin jurnalisti İsrailin Ukraynaya, xüsusən də “Dəmir günbəz”lə kömək edə biləcəyini soruşub. Baş nazir belə bir ehtimalı inkar etməsə də, bu məsələni araşdırdığını qeyd edib.
"Yaxşı, mən bunu mütləq nəzərdən keçirirəm" - baş nazir deyib.
Qeyd edək ki, “Dəmir günbəz” İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən hazırlanmış mobil hava hücumundan müdafiə sistemidir.
Xatırladaq ki, İsrail hökumətinin başçısı Ukraynaya humanitar, yəni silahdan başqa “başqa yardımların” verilməsi məsələsini nəzərdən keçirdiyini bildirib. O, həmçinin qeyd edib ki, İsrail İranın “Ukraynaya qarşı istifadə olunan” silah istehsalına qarşıdır.
Netanyahu həmçinin bildirib ki, hər iki tərəf və ABŞ istəsə, Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağa hazırdır.
Turan İSMAYIL