Belarus "İsgəndər"dən müstəqil şəkildə istifadə edə biləcəyini açıqladı
Belarus Müdafiə Nazirliyi iddia edir ki, artıq ölkənin Silahlı Qüvvələri Rusiya tərəfindən təchiz edilmiş “İsgəndər” mobil idarə olunan raket komplekslərindən müstəqil şəkildə istifadə edə bilər.
Redaktor.az-ın UNİAN-a istinadla məlumatına görə, Belarus Respublikasının Müdafiə Nazirliyi xəbər verir ki, bu, Rusiya Federasiyası ilə birgə təlimlərin nəticəsidir.
"Bu unikal kompleksi idarə etmək üçün Belarus hərbi qulluqçuları Rusiya Federasiyasında təlim keçiblər. Nəzəri kursu başa vurduqdan sonra Belarus poliqonlarında praktiki təlim keçiblər", - Belarus Silahlı Qüvvələrinin Raket Qoşunları və Artilleriya İdarəsinin rəisi polkovnik Ruslan Çexov bildirib.
O, həmçinin əlavə edib ki, əvvəllər ölkədə 300 km-dən çox mənzilli zərbə silahları olmayıb və bu raketlər 500 km-ə qədər məsafədəki hədəfləri vurmağa qadirdir. Çexov "İsgəndər"i yüksək qiymətləndirərək, onu "hər bir raketçinin arzusu" adlandırıb.
Turan İSMAYIL