"Beynəlxalq rəsmilər idmanı şəxsi bizneslə qarışdırır" - Zaxarova

 20:10 01.02.2023     418

Beynəlxalq rəsmilər idmanı şəxsi bizneslə qarışdırır, rusiyalı idmançıların yarışlarda iştirakı ilə bağlı ultimatumlar verir və dünya idman hərəkatını məhv edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə fevralın 1-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova deyib.

O, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın Ukraynadakı müharibəyə dəstək ifadə etməyən rusiyalı idmançıların neytral bayraq altında 2024-cü il Yay Olimpiya Oyunlarında iştiraka buraxılması ilə bağlı son bəyanatını tənqid edib. Diplomat qeyd edib ki, bu ideya Rusiya üçün açıq-aşkar qəbuledilməz tələblərdən irəli gəlir: “Ölkəmizi beynəlxalq idmandan sıxışdırmaq üçün edilən bu cür çirkin cəhdlər uğursuzluğa məhkumdur. Bunlar dünya idmanını məhv edir".

Zaxarova xatırladıb ki, dünya idmanının beynəlxalq hüquqi əsasları var. “İndi dünya idmanının bürokratiyası olan, müvafiq Olimpiya komitələrinə rəhbərlik edənlər və bunun üçün heç bir şəkildə sponsorların cibindən maaş alanlar unutmamalıdırlar ki, bu, onların şəxsi işi deyil, şəxsi biznesi, şəxsi mağazası deyil" - o deyib.

Xatırladaq ki, BOK yanvarın 25-də Rusiyanın Ukraynada apardığı müharibənin dəstəklənməsində fəal iştirak etməyən rus və belarusların bir sıra şərtlərə uyğun olaraq neytral statusda beynəlxalq yarışlara buraxılmasını təklif edib.

Turan İSMAYIL