Çinin kəşfiyyat şarı Kanadanı da ayağa qaldırdı

 09:11 03.02.2023     294

Kanadanın Milli Müdafiə Departamenti Amerika ərazisi üzərində Çinə aid olduğu iddia edilən kəşfiyyat şarının görünməsi ilə bağlı amerikalı həmkarları ilə sıx əlaqə saxlayır və onun hava məkanının təhlükəsizliyini təmin edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Kanada Müdafiə Nazirliyinin xüsusi bəyanatında deyilir.

"Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı, Kanada Qüvvələri, Kanada Milli Müdafiə Departamenti və digər tərəfdaşlar vəziyyəti qiymətləndirir və yaxından işləyirlər", - Müdafiə Nazirliyi bildirib: "Vəziyyət inkişaf etdikcə amerikalı tərəfdaşlarımızla daim əlaqə saxlayırıq".

Departamentdən hadisə ilə bağlı Kanada vətəndaşları üçün heç bir təhlükə olmadığına aydınlıq gətirilib. Eyni zamanda, Müdafiə Nazirliyi vurğulayıb ki, "Kanada öz hava məkanının təhlükəsizliyini təmin etmək üçün addımlar atır, o cümlədən ikinci şarın potensial görünüşü ilə bağlı vəziyyətə nəzarət edir".

Qeyd edək ki, ABŞ ordusunun sözçüsü Patrik Rayder daha əvvəl deyib ki, ABŞ səlahiyyətliləri hazırda ABŞ hava məkanının üzərində olan yüksək hündürlükdə kəşfiyyat şarını qeydə alıb və izləyirlər. Rayderin sözlərinə görə, "Şar hazırda kommersiya hava səyahətindən əhəmiyyətli dərəcədə yüksək hündürlükdə hərəkət edir və yerdəki insanlar üçün heç bir hərbi və ya fiziki təhlükə yaratmır".

Pentaqon həmçinin qeyd edib ki, ABŞ səlahiyyətliləri "vacib məlumatların toplanmasının qarşısını almaq üçün hava şarının aşkarlanmasından dərhal sonra tədbir görüblər.

Turan İSMAYIL