"Qərbin Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan etməsi təbiidir" - Erməni deputat

 14:37 03.02.2023     332

Ermənistan hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə 9 noyabr 2020-ci il tarixli Qarabağla bağlı üçtərəfli bəyanat imzalasa da, Ermənistan-Azərbaycan proseslərini ABŞ-da həll etməyə çalışır.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bunu “Hayastan” müxalifət fraksiyasının deputatı Andranik Tevanyan parlamentdə Laçın dəhlizinin bağlanması mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

"Bu, təkcə cəfəngiyyat deyil, həm də Ermənistanın təhlükəsizliyinə birbaşa təhdiddir. Hakimiyyət Vaşinqton planı ilə bağlı üçtərəfli bəyanatın həyata keçirilməsini təklif edir. Qərbin "DQR" və Ermənistanda hərbi alətləri və təhlükəsizlik mexanizmləri olmadığından, Qərbin Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan etməsi təbiidir".

Onun sözlərinə görə, Qərbin məqsədi Ermənistanda Rusiya hərbi mövcudluğunu istisna etməkdir ki, bu da ölkə üçün son dərəcə təhlükəlidir.

"Bəli, Qərb bizim üçün düşmən deyil, dostdur, lakin onların Rusiya və İranla geosiyasi problemləri var. Praqada Ermənistan əslində anti-Rusiya və anti-İran siyasətinin həyata keçirilməsi üçün sövdələşmə obyekti olmağa razılaşdı", - o deyib.

Tevanyan əlavə edib ki, Rusiya faktoru güclü olarsa - xəritələrin (SSRİ Baş Qərargahının) mövcudluğu və hərbi mövcudluq baxımından - Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiyasının Qərbin iştirakı ilə necə aparılacağı barədə heç bir fikri yoxdur.

Turan İSMAYIL