Borrell Ukraynada münaqişəyə son qoymağın yeganə yolunu AÇIQLADI

 15:08 03.02.2023     283

Avropa İttifaqı (Aİ) Ukrayna üzrə sülh danışıqlarına həmişə açıqdır.

Redaktor.az xəbər verir ki, bu barədə fevralın 3-də Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell Avstriyanın “Der Standard” qəzetinə yazdığı məqalədə bildirib.

“Bəziləri iddia edir ki, daha çox silah daha da eskalasiyaya gətirib çıxaracaq. Avropalılar münaqişəni danışıqlar yolu ilə səmimiyyətlə sona çatdırmaq istəyən hər kəsə həmişə açıq olduqları halda, Rusiya indiyə qədər davam etmək niyyətində olduğunu açıq şəkildə bəyan edib” - o, deyib.

Borrell qeyd edib ki, Rusiya ilə danışıqlara cəhd edən hər kəs “əliboş qalıb”. Beləliklə, onun fikrincə, bu yanaşma dəyişməyənə qədər, münaqişəyə son qoymağın yeganə yolu Ukraynanı lazımi vəsaitlə təmin etməkdir.

Xatırladaq ki, ötən gün Almaniya kansleri Olaf Şolz da qeyd edib ki, Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli üçün səylər davam etdirilməlidir.

Bununla belə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 2-də deyib ki, dünya liderləri Ukraynanı sülh danışıqlarına qayıtmağa inandırmağa çalışmırlar.

Yanvarın sonunda Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ Prezidenti Co Bayden istəsə, Kiyev rejiminə göstəriş verməklə Ukraynadakı münaqişəni tez bir zamanda dayandıra bilər.

Lakin 2022-ci ilin oktyabrında Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağın qeyri-mümkünlüyü barədə qərarını imzalayıb.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya Ukrayna ərazisində "xüsusi hərbi əməliyyat" adı altında işğalçı müharibəyə başlayıb.

Turan İSMAYIL