Baş nazir köməkçisini cinsi azlıqlara görə işdən çıxardı

 14:31 04.02.2023     354

Yaponiyanın baş naziri Fumio Kişida cinsi azlıqların nümayəndələri ilə bağlı açıqlamalar vermis köməkçisi Masayoşi Araini istefaya göndərib. O, LGBT icmasının üzvlərinə qarşı "ayrı-seçkilik" ifadələri işlətməkdə suçlanıb.

Redaktor.az xəbər verir ki, Arainin yerinə baş nazirin iqtisadiyyat, ticarət və sənaye ofisinin rəhbəri Yoşinori İto təyin ediləcək.

“Mən bu məsələyə çox ciddi yanaşıram və onu vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldim. Onun təyinatına görə məsuliyyət hiss etməyim təbiidir”, - Kişida deyib.

Baş nazir Kişida bildirib ki, köməkçisinin sözləri administrasiyanın müxtəlifliyi təşviq etmək mövqeyinə ziddir.

Xatırladaq ki, baş nazirin köməkçisi bir gün əvvəl jurnalistlərlə qeyri-rəsmi söhbəti zamanı LGBT cütlükləri ilə qonşuluqda yaşamaq istəmədiyini və onları görməkdən belə iyrəndiyini söyləmişdi.

Qalmaqallı sözlərdən qısa müddət sonra Arai yenidən jurnalistlərin qarşısına çıxıb və yersiz açıqlamalarına görə üzr istəyib.

Yaponiya eynicinsli nikahları tanımayan yeganə G7 ölkəsidir. Ölkədə dəfələrlə qeyri-ənənəvi oriyentasiya nümayəndələrinin məhkəmə iddialarına baxılıb, onlar hesab edirlər ki, eyni cinsdən olan insanlar arasında nikahın qanuni qeydiyyata alına bilməməsi Konstitusiyanın nikah azadlığı hüququ ilə bağlı maddəsini pozur (modern.az).