Putin zəlzələdən sonra Türkiyə və Suriyaya yardım təklif etdi

 12:09 06.02.2023     282

Rusiya Prezidenti Vladimir Putin çoxsaylı insan tələfatına səbəb olan zəlzələ ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin bazar ertəsi Kremlin saytında dərc olunmuş teleqramında deyilir.

"Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və böyük dağıntılar ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin", - Putin bildirib.

Rusiya lideri Ərdoğandan həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərini çatdırmağı, habelə tüğyan edən ünsürlər nəticəsində yaralananların hamısının tezliklə sağalmasını arzulayıb.

Prezident əmin edib ki, Moskva çoxsaylı insan tələfatına səbəb olan zəlzələ ilə bağlı Ankaraya bütün lazımi yardımı göstərməyə hazırdır. “Biz bununla bağlı lazımi yardımı göstərməyə hazırıq”, - teleqramda deyilir.

Putin həmçinin zəlzələnin nəticələri ilə bağlı Suriya prezidentinə başsağlığı verib və Rusiyanın Suriyaya zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardım etməyə hazır olduğunu bildirib.

Turan İSMAYIL