Ermənistan prezidenti Türkiyəyə başsağlığı verdi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan dağıdıcı zəlzələ ilə əlaqədar Türkiyə və Suriyaya başsağlığı verib.
Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, o, bu barədə Tviter hesabında yazıb.
"Dağıdıcı zəlzələnin faciəvi nəticələri və günahsız insanların həlak olması ilə əlaqədar Türkiyə və Suriyaya dərin hüznlə başsağlığı verirəm. Qurbanların ailələrinə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzulayıram", - Xaçaturyan qeyd edib.
Qeyd edək ki, bu gün - fevralın 6-da saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib və bir sıra şəhərlərdə dağıntılara səbəb olub, fevralın 6-da günorta saatlarında daha iki güclü təkan olub. Suriyanın bir sıra bölgələrində də ciddi dağıntılar olub, zəlzələ Livanın paytaxtı Beyrutda da hiss olunub.
Bu, Türkiyədə 1939-cu ildən bəri ən güclü zəlzələ olub.
Son məlumatlara görə, Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 1121 nəfər ölüb, 7634 insan yaralanıb. Suriyada yüzlərlə insan həlak olub.
Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan da Türkiyə və Suriyaya başsağlığı vermişdi.
Turan İSMAYIL