Pakistan Türkiyəyə axtarış-xilasetmə qrupları göndərdi
Pakistan baş nazir Şahbaz Şərifin göstərişi ilə Kahramanmaraşda baş verən zəlzələlərə görə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib.
Redaktor.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, 50 nəfərlik axtarış-xilasetmə qrupu və 25 ton yardım vəsaiti bu səhər Pakistan Beynəlxalq Hava Yollarına (PİA) məxsus təyyarə ilə Türkiyəyə gəlib.
Bildirilib ki, təyyarədə təlim keçmiş it və lazımi avadanlıqla təmin olunmuş axtarış-xilasetmə qrupu, həkim, tibb bacısı, texniki işçilərdən ibarət tibbi yardım qrupu, 30 çarpayılıq səyyar xəstəxana və müxtəlif yardım materialları var.
Eyni zamanda bu gün axşam saatlarında qış çadırları, ədyal və digər məhsullar daxil olmaqla 7 ton yardım materialı C-130 təyyarəsi ilə Lahordan İstanbula daşınacaq.
Digər tərəfdən sabahdan etibarən İslamabad və Lahordan Türkiyə və Suriyaya PİA-nın gündəlik reysləri ilə 15 ton humanitar yardım və tibbi qruplar da göndəriləcək.
Həmidə İbrahimova