Zelenski Türkiyəyə humanitar yardım göstərməyi tapşırdı

 13:54 07.02.2023     388

Ukrayna Prezidenti Volodimir Zelenski dünən güclü zəlzələdən zərər çəkən Türkiyəyə humanitar yardım göndərilməsi barədə göstəriş verib.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti fərman imzalayıb.

“Türkiyə Respublikasında zəlzələ nəticəsində yaranmış fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasına kömək etmək məqsədilə “Humanitar yardım haqqında” Ukrayna Qanununun 10-cu maddəsinə uyğun olaraq, qərara alıram: Türkiyə Respublikasına humanitar yardım göstərilsin”, - sənəddə deyilir.

Fərmana əsasən, Türkiyəyə humanitar yardımın göstərilməsi Ukrayna Nazirlər Kabineti tərəfindən həyata keçirilməlidir.

Xatırladaq ki, dünən səhər saatlarında Türkiyə güclü zəlzələlərlə silkələnib. Nəticədə ölkənin bir sıra şəhərlərində minlərlə bina dağılıb, minlərlə ölən və yaralananlar var.

Turan İSMAYIL