"Qərbin hücum silahlarının Kiyevə çatdırılması NATO ölkələrini münaqişəyə cəlb edir" - Şoyqu

 14:59 07.02.2023     277

Qərbin hücum silahlarının Kiyevə çatdırılması NATO ölkələrini münaqişəyə cəlb edir və “gözlənilməz eskalasiya səviyyəsinə” gətirib çıxara bilər. Bununla yanaşı, Rusiya hərbçiləri tədarük edilən silahları həm təmas xəttində, həm də ona gedən yolda “əzməkdə davam edir”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

O, bildirib ki, ABŞ və müttəfiqləri münaqişəni mümkün qədər uzatmağa çalışırlar, ona görə də Kiyevi “ağır hücum silahları” ilə təmin edir və açıq şəkildə "Rusiya ərazilərini" ələ keçirməyə çağırırlar.

“Əslində bu cür addımlar NATO ölkələrini münaqişəyə cəlb edir və gözlənilməz eskalasiya səviyyəsinə gətirib çıxara bilər” - deyən nazirin sözlərinə görə, eyni zamanda, rus qoşunları "Kiyevə verilən bütün silah və texnikanı həm çatdırılma marşrutlarında, həm də döyüş mövqelərində sındırmaqda davam edir".

Şoyqu bildirib ki, Rusiyanın Donetsk və Zaporojye istiqamətində hücumu nəticəsində Soledar da daxil olmaqla 7 yaşayış məntəqəsi "azad edilib". Artemovsk və Uqledar ərazilərində döyüş əməliyyatları “uğurla inkişaf edir”.

Dediyinə görə, təkcə yanvar ayında Ukrayna 6500-dən çox insan, 26 təyyarə və 7 helikopter, 341 zirehli texnika və 40 reaktiv yaylım atəş sistemi, həmçinin 208 pilotsuz uçan aparat itirib: “Qərb ölkələrinin görünməmiş hərbi yardımına baxmayaraq, düşmən xeyli itki verir”.

Turan İSMAYIL