Rusiya da Türkiyəyə həkim briqadası göndərdi

 14:07 08.02.2023     356

11 nəfər rusiyalı həkim briqadası zəlzələdən zərərçəkənlərə yardım etmək üçün Türkiyəyə göndərilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə bildirib.

"Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə bu gün zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərmək üçün Türkiyəyə həkim briqadası göndəriləcək. Komandanın tərkibinə 11 nəfər travmatoloq, neyrocərrah, cərrah, uşaq cərrahı, anestezioloq-reanimatoloq daxildir" - o, deyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumata görə, zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir.

Xatırladaq ki, Azərbaycandan da qardaş ölkəyə hərbi həkim briqadaları göndərilib. Bundan başqa mülki həkim briqadasının formalaşdırıldığı da bildirilir. Onların da tez bir zamanda Türkiyəyə yola düşəcəyi gözlənilir.

Turan İSMAYIL