Ukraynadakı müharibədə 20-dən çox rus generalı həlak olub - Yaponiya kəşfiyyatı
Rusiyanın Ukraynaya qarşı açdığı müharibədə 20-dən çox rus generalının öldüyü ehtimal edilir. Bu, işğalçıların qoşunlarına mənfi təsir göstərir.
Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna "Nikkei"yə istinadən məlumat yayıb.
Nəşr Yaponiya kəşfiyyatının ABŞ və Avropa ölkələri ilə əməkdaşlıqda əldə etdiyi məlumatlara istinad edir. İlkin məlumata görə, müharibədə Rusiya ordusunun iyirmidən çox generalı həlak olub.
İstefada olan yapon generalı, Quru Qoşunlarının keçmiş Baş Qərargah rəisi Kiefumi İvat hesab edir ki, bu rəqəm “inanılmaz dərəcədə böyükdür”. Onun sözlərinə görə, generalların ölümü əsgərlərin mənəviyyatını zəiflədir.
Yaponiya kəşfiyyatı bildirir ki, Ukrayna qüvvələri Rusiya komandanlığını aşkar etmək üçün mobil telefon siqnallarından istifadə etmiş ola bilər.
Başqa bir versiyaya görə, işğal olunmuş ərazilərdəki ukraynalı partizanlar Ukrayna Silahlı Qüvvələrinə rus komandirləri aşkarlamağa kömək edir.
Qeyd edək ki, ötən ilin avqustunda Britaniya kəşfiyyatı Ukraynada həlak olan 10 rus generalı barədə məlumat vermişdi.
Yada salaq ki, genişmiqyaslı işğal başlayandan bəri Rusiya Ukraynaya qarşı müharibədə artıq 135 mindən çox əsgər itirib.
Turan İSMAYIL