General Rusiyanın yeni hücumu ilə bağlı proqnoz verdi
Bir gün əvvəl ABŞ generalı Ben Hodges rusların böyük hücumu həyata keçirmək, eləcə də onu hazırlamaq üçün kifayət qədər qoşun toplaya bilmədiklərini söyləyib. Buna görə də ukraynalı general İqor Romanenko Rusiyanın hücumu ilə bağlı proqnoz verib.
Redaktor.az xəbər verir ki, o, “Obozrevatel”ə müsahibəsində Rusiyanın səfərbərlik yolu ilə ehtiyatlarını artırdığını, lakin texnika və sursatla bağlı problemlərinin olduğunu bildirib. Ona görə də döyüşə yenidən “top yemi” atacaqlar: kim sağ qalsa, döyüşə davam edəcək.
General qeyd edib ki, Rusiya beş istiqamətdə irəliləməyə çalışır, Putin Donetsk və Luqansk bölgələrini tamamilə ələ keçirmək istəyir. Kreml həmçinin Ukraynaya strateji ehtiyat - 150-200 min əsgər ötürməyi planlaşdırır.
Romanenko vurğulayıb ki, bu qrup Ukraynaya girməzdən əvvəl ölkə lazımi hərbi yardım almalıdır.
"Lakin mən Hodges ilə razıyam ki, Rusiya tərəfi üçün proqnozlar əsasən pessimistdir. Onların tələsikliyi, buna görə də işğalın ildönümünə, fevralın 24-nə qədər uğur nümayiş etdirmək istəyidir" -deyə ukraynalı general fikrini yekunlaşdırıb.
Turan İSMAYIL