"Kiyevə təyyarələrin tədarükü məsələsi müzakirə edilmədi" - Makron

 15:55 09.02.2023     572

Fransa Prezidenti Emmanuel Makron Parisdəki danışıqlarda ukraynalı həmkarı Volodimir Zelenski ilə Kiyevə təyyarə tədarükü məsələsini müzakirə etməyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Fransa lideri bu barədə cümə axşamı Brüsseldə Avropa İttifaqı sammitinə gələrkən bildirib.

“Biz ilk günlərdən Ukraynaya müqavimət göstərə bilməsi üçün ona kömək etməyə hazırıq”, - deyə o bildirib.

"İnanıram ki, indi biz sonradan reallaşa biləcək vədlərə deyil, indi faydalı olacaq çatdırılmalara diqqət yetirməliyik. Qısamüddətli ehtiyaclar var. Biz dünənki danışıqlarda bu barədə danışdıq və bu müzakirəni davam etdirəcəyik", - Makron bildirib.

Eyni zamanda o, Kiyevin əsas ehtiyaclarının nədən ibarət olduğunu açıqlamaqdan imtina edib.

“Belə məlumatı paylaşmaq hüququ Ukrayna Prezidenti Volodimir Zelenskiyə məxsusdur”, - deyə Fransa lideri bildirib.

"Bu, bizim təchizat və kömək etmək istəyimizi müəyyən edəcək" - o, deyib.

Xatırladaq ki, bu günə qədər Fransa Ukraynaya 18 “Sezar” özüyeriyən artilleriya sistemi və 2 “Crotale” zenit kompleksi akkumulyatoru göndərib.

Dekabrda Makron bildirmişdi ki, respublika Kiyevi 2023-cü ilin əvvəlində yeni silah və sursat partiyası ilə təmin etməyi planlaşdırır. Keçən həftə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Legendre Parisin Kiyevə əlavə 12 "Sezar" qurğusu göndərmək, həmçinin Fransa və Polşada 2000 Ukrayna əsgərinə təlim keçmək planlarını təsdiqləyib.

Turan İSMAYIL