“BMT Türkiyə və Suriyaya donor dəstəyi verəcək” - Quterreş
"Bütün gücümüzlə Türkiyə hökumətini dəstəkləməyə hazırıq. Ümumdünya Ərzaq Proqramı (DƏP) dağıdıcı zəlzələdən zərər çəkmiş ən həssas ailələrə yardım məqsədilə Türkiyə və Suriyada humanitar ehtiyacları dəstəkləmək üçün 25 milyon dollar ayırıb".
Redaktor.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quttereş Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.
Baş katib bildirib ki, Türkiyə və Suriyadakı zəlzələ dövrümüzün ən böyük təbii fəlakətlərindən biridir: "Bir neçə saat əvvəl Birləşmiş Millətlər Təşkilatının ilk humanitar karvanı Bab əl-Hava keçid məntəqəsi vasitəsilə Suriyanın şimalına keçdi. Buraya sığınacaq və digər zəruri yardım ləvazimatları daşıyan 6 yük maşını daxildir. Təəssüf ki, faciəli qurbanların sayı artmaqda davam edir. Minlərlə bina dağılıb, on minlərlə insan soyuqda qalıb. Məktəblər və xəstəxanalar dağıdılıb. Təəssüf ki, zərərin və humanitar böhranın tam həcmini hələ də dəqiqləşdirə bilməmişik. Türkiyə dünyada ən çox qaçqının məskunlaşdığı ölkədir. 10 ildən artıqdır ki, Türkiyədə 3,6 milyona qədər suriyalı yaşayır. Onların bir çoxu indi zəlzələnin qurbanıdır".
Quterreş qeyd edib ki ki, BMT-nin fəlakətlərin qiymətləndirilməsi üzrə mütəxəssisləri bölgədədir: "Onlar axtarış və xilasetmə qruplarının əlaqələndirilməsi, təcili yardım, ərzaq, tibbi ləvazimat, termal yorğan və digər əşyalarla təmin edilməsi istiqamətində işlər aparırlar. Baş katibin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffit həftəsonu zəlzələdən zərər çəkmiş ərazilərdə olacaq. O, artıq Türkiyədədir. BMT-nin Fövqəladə Hallara Cavab Fondundan bölgəyə 25 milyon dollar ayırdıq. Gələn həftənin əvvəlində biz Suriyada zəlzələdən zərər çəkənlərə donor dəstəyi üçün müraciət edəcəyik".