Zəlzələ bölgəsindən əhali bu vilayətlərə köçürüləcək - SİYAHI

 12:41 10.02.2023     240

Türkiyədə zəlzələnin baş verdiyi regionda yerləşən vilayətlərdən zərərçəkmişlərin başqa vilayətlərə təxliyəsinə dair qərar qəbul edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Seyit Sertçelik feysbuk səhifəsində məlumat paylaşıb.

"Daxili İşlər Nazirliyinin göstərişi ilə təbii fəlakət bölgəsində yaşayan vətəndaşlarımızın müraciət əsasında təxliyəsi və aşağıdakı vilayətlərdə müvəqqəti yerləşdirilməsi üçün lazımi planlaşdırma və koordinasiya işləri aparılmışdır.

Kahramanmaraş, Malatya və Diyarbakır vilayətlərində yaşayan vətəndaşlarımız Antalya vilayətinə, Adıyaman vilayətində yaşayan vətəndaşlarımız Aydın vilayətinə, Qaziantepdəkilər İzmirə, Şanlıurfadakılar Mardinə, Osmaniye və Hataydakılar Muğlaya, Adanadakılar Mersinə təxliyə olunacaq. Bu, AFAD (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi nəzərdə tutulur - red.) və bölgələrdəki regional nəqliyyat idarələrinin koordinasiyası ilə başlayıb.

Bu vilayətlərə şəxsi avtomobilləri və nəqliyyat vasitələri ilə gedəcək vətəndaşlarımız olduqları vilayətdəki AFAD şöbəsi ilə əlaqə saxlamalı və təxliyə sənədlərini almalıdırlar. Planlaşdırılan vilayətlərdən başqa, digər vilayətlərə öz imkanları ilə gələn vətəndaşlarımıza yerləşdirmə xidməti göstərilməyəcək. Onların yaşayış və s. bütün ehtiyaclarını ödəmək üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb", - deyə Sertçelik yazıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.