Zəlzələyə görə Ermənistanla sərhəd açıldı - 35 il sonra
Ermənistan Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələyə görə bu ölkəyə humanitar yardım göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, humanitar yardımın göndərilməsi üçün 35 ildən sonra ilk dəfə olaraq Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açılıb.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç tvitter hesabında iki ölkəni ayıran Araz çayının Türkiyə tərəfindəki Alican keçid məntəqəsindən keçən yük maşınlarının fotolarını paylaşıb.
"Mən Türkiyənin zəlzələ bölgəsində xalqımızın əzablarını yüngülləşdirmək üçün Ermənistan xalqının göndərdiyi səxavətli yardımı həmişə xatırlayacağam", - deyə Kılıç bildirib və Ermənistan rəsmilərinə təşəkkür edib.
Agentlik bildirir ki, bu keçid məntəqəsindən sonuncu dəfə 1988-ci ildə istifadə edilib. Həmin il Spitakda baş verən zəlzələyə görə Türk Qızıl Aypara Cəmiyyəti Ermənistana yardım göndərib.
Qeyd edək ki, sərhəd keçid məntəqəsi Ermənistanın Qarabağı işğal etməsinə etiraz olaraq 1993-cü ildə Türkiyə tərəfindən bağlanıb. Keçid məntəqəsinin açılması Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüşlərdə müzakirə mövzusu olub.