ATƏT-ə üzvləri Rusiyanın təşkilatın iclasında iştirakına qarşıdır
İyirmi ölkənin nümayəndəsi Avstriya hakimiyyətini sanksiyalara məruz qalan, lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fevralın 23-24-də keçiriləcək iclası üçün Vyanaya gəlməli olan 15 rusiyalı siyasətçiyə viza verdiyinə görə tənqid ediblər və onların iştirakını qadağan etməyə çağırıblar.
Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Avstriya tərəfindən ölkəyə daxil olmaq üçün viza verilənlər arasında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski, “LDPR” partiyasının lideri Leonid Slutski də var.
Fransa, Britaniya, Polşa və Ukrayna da daxil olmaqla, 20 ölkədən olan 81 ATƏT nümayəndəsinin məktubunda deyilir ki, Rusiya parlamentariləri hökumətin tərkib hissəsidir və hər gün Rusiyanın Ukraynada törətdiyi cinayətlərdə iştirak edir. Qeyd olunub ki, dürüst dialoqu və müharibəyə müqaviməti təbliğ edən təşkilatda onların yeri yoxdur.
Vurğulanıb ki, məktubu ABŞ-dan gələn nümayəndələr imzalamayıblar. Ölkənin təşkilatdakı səfiri Maykl Karpenter bildirib ki, Rusiya rəsmiləri Qərb ölkələrinə səyahət hüququna layiq olmasalar da, onlara viza verib-verməmək barədə qərarı Avstriya verməlidir.