Türkiyədəki zəlzələdə 15 jurnalist həlak olub - FOTO
Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonlarında 9 saat fasilə ilə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər indiyədək 15 jurnalistin ölümünə səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Şurası (KGK) məlumat yayıb.
Bildirilib ki, qurumun sədri Mehmet Ali Dim zəlzələ bölgələrinə səfəri zamanı Kahramanmaraş, Hatay İskəndərun, Osmaniye və Qaziantepdə zəlzələdən zərərçəkənlərə və jurnalistlərə baş çəkib. Osmaniyedə KGK Yerli Media Şurasının sədri və Osmaniye vilayət nümayəndəsi İsrafil Avcı yardım materiallarını çatdırmaq üçün KGK vilayət nümayəndəsi Bəkir Doğan və Diyarbəkir vilayət nümayəndəsi Veysi İpek, həmçinin Qaziantep və İskenderundakı media nümayəndələri və jurnalistlərlə görüşüb.
Həmçinin o, Azərbaycanın "MediaTürk TV" də daxil olmaqla bir çox mətbuat orqanına canlı yayıma qoşularaq zəlzələ bölgəsi ilə bağlı təəssüratlarını bölüşüb.
Daha sonra Mersinə gedən Dim jurnalist Beycan Üçkardeşi, KGK Mersin vilayət nümayəndəsi Abdullah Biçer və jurnalist Səlahəddin Akkuşla birlikdə yaralı yaxınlarının müalicə aldığı xəstəxanada ziyarət edib. O, zəlzələnin şiddətlə sarsıtdığı, lakin dağıntı olmadığı Tarsusda da yerli jurnalistlərlə də görüşüb. Tarsuslu jurnalistlər görüş zamanı insanların evlərinə, iş yerlərinə girməyə qorxduğunu diqqətə çatdırıb.
"İndiyədək 15 jurnalisti itirdik".
Mehmet Ali Dim bölgəyə səfərindən sonra verdiyi açıqlamada bunları ifadə edib: "Kədərli və narahatıq. Zəlzələdə indiyə qədər 15 jurnalistimizi itirdik. Ən böyük itki 7 jurnalistin həyatını itirdiyi Adıyamandadır. Dağıntılar altında hələ də bəzi jurnalistlər var. Bizim dualarımız onlar üçündür".
Zəlzələdə dağıntılar altında həyatını itirən jurnalistlərin siyahısı:
Ayşe Figen Arlı (İskenderun Səs), Aziz Çevlik (Başlıq / K. Maraş), Burak Alkuş (Adıyaman Səsi), Burak Milli (AA / Hatay), Gökhan Aklan (İHA / Hatay), Hidayet Özdemir (Jurnalist -Yazar/Adıyaman) , İskender Korkut (Mercan TV/Adıyaman), İzzet Nazlı (DHA/Hatay), Kamal Öner (Adıyaman Telegraph), Meltem Özgen (TV aparıcısı/Adana), Muhammed Akan (Adıyaman News) Mustafa Yüzbaşıoğlu (Bugün / K. Maraş), Neşet Alkan (Haber Ekspres/Hatay), Ruhi Akan (Jet Haber/Adıyaman), Yunus Emre Doğan (Mercan TV/Adıyaman).
"Zəlzələdə həyatını itirən həmkarlarımıza Allahdan rəhmət, yaxınlarına səbr və başsağlığı diləyirik. Dağıntılar altında qalan və ya yaralı olaraq dağıntılar altından çıxarılan jurnalistlər də var. Zəlzələ nəticəsində jurnalistlərin və media qurumlarına dəyən ziyanın ödənilməsi üçün çalışacağıq", - deyə KGK sədri söyləyib.