Xocalı qatili həbs OLUNACAQ
Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.
Oqanyan bir neçə epizodda xüsusilə külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Bundan əvvəl baş prokuror Anna Vardapetyanın vəsatəti əsasında parlament “Hayastan” fraksiyasının təmsilçiləri Seyran Ohanyan və Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğun hazırladığı işin materiallarına görə, Ohanyanın göstərişi ilə iki hərbi hissənin ərazisi və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb.
Torpaqlardan birinin real alıcısı bu bölmələrdən birinin komandiri Qriqori Xaçaturov olub, lakin formal olaraq ərazi onunla bağlı olan Edqar Arşakyanın adına yazılıb.
Xaçaturovun real alıcı olmasını onun sonradan bu obyekti iki dəfə banka girov qoyması sübut edir.
Əsl alıcı Müdafiə Nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi şöbəsinin keçmiş rəisi Armen Akopyan olub.
Eyni zamanda, iş çərçivəsində Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin bu obyektlərə ehtiyacının qalmaması ilə bağlı heç bir əsaslandırma təqdim olunmayıb.
Xatırladaq ki, Seyran Ohanyan 1992-ci ildə Azərbaycanın Xocalı rayonunun işğalında və dinc əhaliyə qarşı soyqırımda birbaşa iştirak etmiş qatildir.
Turan İSMAYIL