ABŞ-ın F-35 qırıcıları ilk dəfə Hindistanda nümayiş etdirildi
ABŞ Hindistanda keçirilən hava sərgisində ilk dəfə beşinci nəsil F-35 qırıcılarını nümayiş etdirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Amerikanın “Lockheed Martin” şirkətinin beşinci nəsil "F-35A Lightning II" və "F-35A Joint Strike Fighter" qırıcıları ilk dəfə olaraq “Aero India 2023” beynəlxalq hava sərgisinin iştirakçısı olublar.
Bu, beşinci nəsil təyyarələrin Hindistanda ilk görünüşüdür. Amerika ekspozisiyasının nümayəndələri F-35 təyyarələrinin aviaşouda görünməsinin Vaşinqtonun onları Nyu-Dehliyə satışa təqdim etməyə hazır olduğunu ifadə edib-etməməsi ilə bağlı cavab verməkdən imtina ediblər.
Bundan əvvəl ABŞ-ın Hindistandakı hərbi attaşesi kontr-admiral Maykl L.Beyker “Times of India” qəzetinə bildirib ki, bu cür döyüş təyyarələrin tədarükü imkanları ilə bağlı hələ yüksək səviyyədə müzakirələr aparılmayıb və “Hindistan öz gələcəyini yaratmağa fokuslanıb". Eyni zamanda o qeyd edib ki, belə qırıcıların aviaşouda görünməsi “Hindistan və ABŞ arasında sıx tərəfdaşlığın nümayişi” deməkdir.
"Aero India 2023" sərgisində ABŞ-ın F-16 və F-18 çoxməqsədli qırıcıları da var.
Qeyd edək ki, "14-cü Aero India" Beynəlxalq Aerokosmik Sərgisi fevralın 13-dən 17-dək Hindistanın cənubundakı Banqalordakı Yelahanka aviabazasında keçirilir. Hava şousu iki ildən bir keçirilir.
Turan İSMAYIL