ABŞ-ın vurduğu şar NATO-Çin gərginliyinə səbəb oldu
Pekin Şimali Atlantika Alyansını Çinə böhtan atmağı və xəyali düşmənlər yaratmağı dayandırmağa çağırır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
"Çin NATO-nu Çinə qarşı əsassız ittihamları dayandırmağa, xəyali düşmənlər yaratmağı dayandırmağa, səlahiyyətlərini genişləndirməyə və aşmağa son qoymağa çağırır" - Vanq Venbin NATO-nun baş katibi Yens Stoltenberqin Çin və Rusiyanın alyans ölkələrinə qarşı kəşfiyyatı gücləndirməsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin NATO-nu beynəlxalq sülh və sabitlik üçün daha praktik işlər görməyə çağırıb.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq ötən gün Brüsseldə keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ üzərində naməlum hava şarları Çin və Rusiyanın alyans ölkələrinə qarşı artan kəşfiyyatının əlamətidir.
Fevralın 4-də ABŞ ordusu milli hava məkanında Çinə məxsus kəşfiyyat şarını vurub. Pentaqonun sözlərinə görə, o, “vacib məlumatların toplanması” ilə məşğul olub. Çin Xarici İşlər Nazirliyi bununla bağlı etirazını bildirib və idarəetməni itirən meteoroloji şarın mülki məqsəd daşıdığını vurğulayıb.
Keçən həftə Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı daha üç “naməlum obyekt” qeydə alıb, onlardan ikisi ABŞ hərbçiləri tərəfindən milli hava məkanında, biri isə Kanada ərazisi üzərində vurulub. Qeyd olunub ki, hər üç obyekt Çin şarından xeyli kiçik olub, daha aşağı hündürlükdə olub və zahirən ona bənzəmir. Bunlardan sonuncusu bazar günü ABŞ və Kanada sərhədindəki Huron gölü üzərində məhv edilib, onun qalıqları, ehtimal ki, Kanadanın ərazi sularına düşüb.
Turan İSMAYIL