Ohanyanın ölkədən çıxışına qadağa qoyuldu
Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Milli Təhlükəsizlik Xidmətinə dindirilmək üçün çağırılıb. Ondan başqa yerə getməmək barədə yazılı öhdəlik götürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə terli “Joqovurd” qəzeti yazır.
Qeyd olunur ki, Ohanyan fevralın 10-da başlanmış cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidmətinə dindirilmək üçün çağırılıb. Keçmiş nazir ittihamı qəbul etmədiyini bildirərək yazılı ifadə verməyib. Bu məlumatı qəzetə sabiq nazirin özü də təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl baş prokuror Anna Vardapetyanın vəsatəti əsasında parlament Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib.
Xatırladaq ki, Ermənistan Baş Prokurorluğunun hazırladığı işin materiallarına görə, Ohanyanın göstərişi ilə iki hərbi hissənin əraziləri və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb. Torpaqlardan birinin real alıcısı bu bölmələrdən birinin komandiri Qriqori Xaçaturov olub, lakin formal olaraq ərazi onunla bağlı olan Edqar Arşakyanın adına yazılıb. Xaçaturovun real alıcı olmasını onun sonradan bu obyekti iki dəfə banka girov qoyması sübut edir. Əsl alıcı Müdafiə Nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi şöbəsinin keçmiş rəisi Armen Akopyan idi. Eyni zamanda, iş çərçivəsində Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin bu obyektlərə ehtiyacının qalmaması ilə bağlı heç bir əsaslandırma təqdim olunmayıb.
Turan İSMAYIL