"20 milyona yaxın insan zəlzələdən zərər çəkib" - Ərdoğan
Zəlzələlərdən zərər çəkən 81 min Türkiyə vətəndaşının böyük hissəsi artıq xəstəxanalardan buraxılıb, 8 mindən çox insan dağıntılar altından sağ-salamat xilas edilib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Təəssüf ki, zəlzələlər episentrdən 500 km radiusda - 13,5 milyon vətəndaşın yaşadığı 10 vilayətdə böyük dağıntılar törədib. Zəlzələlərin hiss olunduğu şəhərləri nəzərə alsaq, 20 milyona yaxın insan təbii fəlakətdən zərər çəkib. Elm adamlarına görə, zəlzələlərin buraxdığı enerji 500 atom bombasının gücünə bərabərdir" - Ərdoğan bu barədə Dünya Hökumət Zirvəsi iştirakçılarına videomüraciətində bildirib.
Türkiyə lideri bəyan edib ki, dağıntılar təmizləndikcə qurbanların sayı artır.
Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər bir-birinin ardınca baş verib. Ərdoğanın sözlərinə görə, onlar 1939-cu ildən bəri ən güclü olublar, o, onları “əsrin fəlakəti” adlandırıb. Bu günə olan məlumata görə, 31 974 insan ölüb.
Turan İSMAYIL