Türkiyə-Ermənistan sərhədləri açılacaq?

 16:23 14.02.2023     706

Ermənistan hər an sərhədləri açmağa və Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır, lakin konkret müddət yoxdur.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Ermənistanın sərhədlərin açılmasına yanaşmasından xəbəriniz var... Bununla bağlı biz şərtləri açıqlamamışıq. İki saziş var, onlardan biri üçüncü ölkə vətəndaşlarına aiddir, lakin şərtlər müəyyən edilməyib", - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Türkiyə tərəfləri bu istiqamətdə müzakirələri davam etdirirlər.

Xatırladaq ki, fevralın 11-də Ermənistan Türkiyəyə humanitar yardımla yük maşınları göndərib. Son 30 ildə ilk dəfə olaraq yük maşınları Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədini keçərək zəlzələdən zərər çəkmiş rayona yollanıb. Bundan əvvəl axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün Ermənistandan 27 xilasedici Türkiyəyə göndərilib.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. 

Hava sərhədi 1995-ci ildə açılıb və quru sərhədinin açılması ilə bağlı danışıqlar aparılır.

Turan İSMAYIL