Zəlzələdə həlak olan azərbaycanlıların sayı 6-ya çatdı
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında yaradılmış Operativ Qərargahlar tərəfindən Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Səhiyyə Nazilriyi və digər qurumlar ilə intensiv əməkdaşlıq şəraitində davam edir.
Bu barədə Redaktor.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, zəlzələ baş vermiş gündən etibarən 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.
Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesi davam etməkdədir.
Eyni zamanda, zəlzələ bölgəsində yaşayan və ya müvəqqəti məskunlaşan, Azərbaycan Respublikasına təxliyə olunmaq niyyətində olmayan vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, zərər görmüş əraziləri tərk etmək istəyənlər üçün müvafiq vilayətlərdə jandarma bölmələri tərəfindən təxliyə məntəqələri yaradılıb (Təxliyənin həyata keçiriləcəyi yerlərin siyahısı əlavə olunur). Bu məntəqələrə müraciət edənlərin Türkiyənin təhlükəsiz bölgələrinə təxliyəsi Türkiyənin aidiyyəti qurumları tərəfindən ən uyğun hesab edilən vasitələrlə təmin edilir.
Qeyd olunub ki, fəlakət bölgəsini fərdi nəqliyyat vasitələri ilə tərk etmək istəyənlər ərazini tərk etmədən öncə yerlərdəki təxliyə məntəqələrini bununla bağlı xəbərdar etdikdən sonra təyinat şəhərlərindəki sığınacaq məntəqələrinə istiqamətləndiriləcəklər.
Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub. Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb.